FİBROZ KORTİKAL DEFEKT

Fibroz kortikal defekt nədir?

Fibroz kortikal defekt (non-ossifyie fibrom)  sümüyün metafizar bölgəsini tutan kortikal qatın zədələnməsilə özünü göstərən fibroz toxuma xüsusiyyətli  xoşxassəli sümük törəmələrinə aiddir. Ən çox bud və qamış sümüyündə özünü göstərir. Bazu, körpücük və digər sümüklərdə nadir təsadüf olunur. Xoşxassəli sümük  şişlərlərinin 5-7 %-ni təşkil edir. Yetkinlik yaşında olan  uşaqlarda daha çox (30-40 %) müşahidə edilir.  Oğlanlarda qızlarla müqayisədə 2 dəfə artıq rast gəlinir. Törəmə metafizar bölgədən  başlayır lakin sümük uzununa böyüdüyü üçün  diafizar bölgədə də müşahidə edilir.

Fibroz kortikal defektin ilk simptomları (əlamətləri) nədir?

Fibroz kortikal defekt heç bir klinik əlamətlə özünü büruzə vermir. Təsadüfi çəkilən rentgenoqrafiya zamanı aşkar olunur. Bəzən ağrı müşahidə oluna bilər ki, bu zaman da patoloji sınıqdan şübhələnmək lazımdır.

Fibroz kortikal defekt diaqnozu necə qoyulur?

Fibroz kortikal defektin diaqnozunu təyin etmək üçün rengenoloji müayinə kifayət edir. Nadir  hallarda KT və MRT müayinələrinə ehtiyac yaranır.

Fibroz kortikal defekt nə zaman və necə müalicə  olunur?

Fibroz  kortikal defekt kiçikdirsə xəstə sadəcə nəzarət altına alınır (ildə bir neçə dəfə rentgenoloji müayinə aparılmaqla). Xəstəliyin əhatə dairəsi genişdirsə, əvvəllər patoloji sınıq olub lakin sağalmayan,  yenidən sınıq ehtimalı varsa və getdikcə artmağa meyilidirsə onda cərrahi əməliyyat icra olunur (törəmə çıxarılır və defekt sümük toxuması ilə doldurulur). Əgər patoloji sınıq da varsa onda müxtəlif  üsulla osteosintezdə aparıla  bilər. Əməliyyatdan sonra fibroz kortikal defektin  yenidən inkişaf etməsi çox nadir müşahidə olunur.