EKZOSTOZ (OSTEOXONDROMA)

Ekzostoz nədir?

Sümüyün  kortikal qatının xarici səthində metafizar bölgədə  inkişaf edən, üzəri qığırdaq toxuması ilə əhatə olunan ən çox rast gələn xoş xassəli sümük törəməsidir.  Bütün sümüklərdə əmələ gələ bilər. Əsasən bazu, bud, qamış, mil sümüklərində yaranır. Uşaq və gənc yaşlarında daha çox müşahidə olunur.  Oğlanlarla qızlarda rast gəlmə tezliyi 3:2 nisbətindədir. Ekzostoz tək və yaxud çoxsaylı ola bilər. Sonuncu ekzostoz xondrodisplaziyası adlanır.

Ekzostozun  əmələ gəlmə səbəbləri nədir?

Ekzostozların əmələ gəlmə səbəbləri tam olaraq bilinmir. Irsi-genetik amillər inkar olunmur.

Ekzostozun ilk simptomları nədir?

Ekzostozun inkişaf etdiyi yerdən asılı olaraq aşağıdakı kimi özünü göstərə bilər:

1) Kosmetik olaraq müşahidə olunan törəmə.

2) Böyümə zonasının prosesə cəlb olunması fonunda ətrafda  yaranan uzunluq fərqi və əyrilik.

3) Ətrafından keçən sinir  şaxələrinə və vətərlərə olan mexaniki  təzyiq zamanı yaranan sinir keçiriciliyinin pozulması və oynağın kontrakturası (hərəkət məhdudluğu).

4) Şişin həddən artıq böyük olması zamanı ətrafda yaranan  deformasiyalar

5) Yüngül travmalar zamanı baş verən kəskin ağrılar.

Ekzostoz diaqnozu necə qoyulur?

Rentgenoloji müayinə ilə ekzostoz diaqnozunu qoymaq çox  asandır,  bəzi hallarda MRT müayinəsinə ehtiyac yaranır.

Ekzostoz nə zaman və necə müalicə  olunur ?

Əgər  törəmə kiçikdirsə böyüməyə meyilli deyilsə və yuxarıda göstərilən klinik əlamətlərlə müşahidə edilmirsə  xəstə müşahidə altına alınır. Yox  əgər yuxarıdakı klinik əlamətlərdən hər hansısa biri müşahidə edilirsə onda cərrahi əməliyyat yolu ilə törəmə əsasından kəsilib götürülərək xaric edilir.

Əməliyyat olunmasa nə baş verər?

1) kosmetik defekt olaraq şişkinlik qalar;

2) klinik əlamətlər getdikcə artar;

3) nadir də olsa əsasən böyük həcmli, xüsusən canaq, kürək sümüyünün ekzostozları bədləşib  bədxassəli şişə (xondrosarkomaya) keçə bilər.

Müxtəlif lokalizasiyalı ekzostozların görüntüləri