SÜMÜK KİSTALARI

Sümük kistası nədir?

Sümük kistaları – daxilində maye olan xoşxassəli törəmələrdir, uşaq və yeniyetmələrdə adətən uzun sümüklərin metafizlərində lokalizasiya olunurlar. Kistaların üç növünü fərqləndirirlər: solitar, anevrizmal və anevrizmal kistanın solid variantı.

Sümük kistaları hansı yaşlarda və sümüklərdə görünür?

Müşahidələrin 85%-də kistalar 20 yaşına qədər uşaq, yeniyetmə və gənclərdə rast gəlinir, bu kistaların 95%-i bazu və bud sümüklərində, özüdə bazu sümüyü bud sümüyünə nisbətən 2-3 dəfə daha çox zədələnir. Qalan 5% digər sümüklərdə rast gəlinir (2% daban, 2% qalça sümüyü, aşıq sümüyü, qamış sümüyü, ayaqdarağı, incik sümüyü, oturaq sümüyü, qasıq sümükləri, oma, fəqərələr, said sümükləri və üz-kəllə sümükləri daxil olmaqla).

Sümük kistalarının əmələ gəlmə səbəbləri nədir?

Sümük kistaların əmələ gəlmə səbəbi, aparılan çoxsaylı tədqiqatlara baxmayaraq, indiyə qədər də aydınlaşdırılmamışdır. Sümük kistalarının  inkişafının bir çox nəzəriyyəsi  arasında sümükdaxili təzyiqin artması ilə müşahidə olunan venoz axımın tutulması  nəzəriyyəsi daha geniş yayılmışdır.

Sümük kistalarını ilk simptomları (əlamətləri) nədir?

Sümük kistaları çox vaxt ağrı verməz  və 50-75% halda kistanın ilk təzahürü olan patoloji sınığın baş verməsinə qədər əsasən simptomsuz gedişə malikdir. Bəzi hallarda başqa səbəblə çəkilən rentgen muayinəsi zamanı təsadüfən ortaya çıxar.

Sümük kistası diaqnozu necə qoyulur?

Rentgen müayinə– sümük kistalarının əsas diaqnostika metodudur. Əlavə olaraq kompüter tomoqrafiyası (KT), maqnit rezonans tomoqrafiyası (MRT) və şübhəli hallarda biopsiya aparıla bilər.

Sümük kistalarının müalicəsinin məqsədi nədir?

Müalicənin məqsədi kistaların sağalmasını və təkrar əmələ gəlməsinin (residivin) profilaktikası yolu ilə patoloji sınığın qarşısının alınmasını nəzərdə tutur.

Sümük kistalarının konservativ və cərrahi müalicə üsulları nədir?

Patoloji sınıqdan sonra kistaların cərrahi müdaxiləsiz müalicəsi öz-özünə sağalmanın aşağı səviyyəsini göstərmişdir. Sümük kistalarının müalicəsində bir çox cərrahi üsulun təklif edilməsinə baxmayaraq bu və yaxud digər metodun tətbiqində yekdillik yoxdur və xəstənin durumuna görə individual  seçilir.

Konservativ müalicə üsullarından kista daxilinə steroid inyeksiyaları, cərrahi ən-ənəvi üsullardan kistanın ocaqdaxili  daxilinin təmizlənməsi  və sümük  boşluğunun süni sümük və ya müxtəlif plastik materiallarla doldurulmasından ibarətdir. Qısalıq və deformasiya olan xəstələrdə xarici fiksator vasitəsi ilə müalicə aparılmaqdadır.

Sümük kistalarının təkrar əmələ gəlməsi nəyə bağlıdır?

Klinikamızda 200 dən çox xəstənin müalicəsinin nəticələrin təhlili göstərdi ki, xəstəliyin təkrar əmələ gəlməsinin  ən əhəmiyyətli müjdəçiləri xəstənin yaşı və kistanın aktivliyidir; 10 yaşdan kiçik uşaqlara residiv göstəricisi (13,4%), 10 yaşdan böyük uşaqlarda nisbətən (2,8%), hər hansı müalicə metodunun istifadə olunmasından asılı olmayaraq, daha yüksəkdir. Ədəbiyyatda kistanın təkrar əmələ gəlməsi 10-31% hallarda müşahidə olunur.

    Müxtəlif lokalizasiyalı sümük kistalarının rentgen və KT görüntüləri